BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub


Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 mart – Azərbaycan Respublikasında "Elm günü" ilə bağlı silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib.


Tədbirdə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov bildirib ki, Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, hər il martın 27-si ölkəmizdə "Elm günü" kimi qeyd olunur. Ölkəmizdə elmin inkişafına dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini vurğulayan natiq BDU-nun bu proseslərdə aktiv fəaliyyətindən bəhs edib. O, hazırda elmmetriya, elmmetrik təhlil kimi isiqamətlərin aktual olduğunu bildirib, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqinin zəruriliyini diqqətə çatdırıb, elmi seminarda təqdim olunan mövzunun xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.
Sonra BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov "Sənəd menecmenti üzrə tədqiqatların elmmetrik təhlili" mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, sənəd menecmenti müasir informasiya idarəetməsinin mühüm komponentlərindən biridir: "Son illərdə bu sahədə elmi tədqiqatların sayı artıb, rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar olaraq sənəd menecmentinin müxtəlif aspektləri əsaslı şəkildə araşdırılıb. Bu baxımdan sənəd menecmenti üzrə aparılan tədqiqatların elmmetrik təhlili və sahə üzrə elmi fəaliyyətin dinamikasının qiymətləndirilməsi məruzədə əsas vəzifələrdən biri kimi qarşıya qoyulub".
Tədqiqatda sənəd menecmenti sahəsində nəşr olunmuş elmi məqalələr, onların beynəlxalq elmi bazalarda ("Scopus", "Web of Science", "Google Scholar" və s.) indeksləşdirilmə dinamikası, əsas tədqiqat istiqamətləri, istinad göstəriciləri və elmi əməkdaşlıq şəbəkələri araşdırılıb. Elmmetrik göstəricilər əsasında bu sahədə ən çox sitat gətirilən məqalələr, aparıcı müəlliflər, nüfuzlu elmi jurnallar və aktual tədqiqat trendləri müəyyən edilib. Araşdırmada həmçinin sənəd menecmenti üzrə elmi tədqiqatların beynəlxalq səviyyədə inkişaf tendensiyası, bu sahədə elmi əməkdaşlıq şəbəkələrinin və akademik təsirin təhlili, rəqəmsal sənəd idarəetmə sistemlərinin rolu və perspektivləri kimi vacib istiqamətlər öyrənilib.
Elmi seminar müzakirələrlə davam edib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu