Bakı yollarına 2,5 milyon manat: Tenderi yenə eyni şirkət uddu

Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu "Xezer-Construction" MMC-yə yenidən böyük tender verib.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı şəhərində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri üzrə keçirilən tenderin nəticəsini açıqlayıb. Qalib "Xezer-Construction" MMC olub.
Şirkətin təqdim etdiyi təklif 2 525 226,1 manat məbləğindədir. Lakin tender sənədlərində hansı konkret ərazilərdə asfalt təmirinin həyata keçiriləcəyi barədə məlumat yer almır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrindən məlum olur ki, "Xezer-Construction" MMC 2018-ci ilin fevralında qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Bakı, Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-dur. Qanuni təmsilçisi isə Binnətov Rəmzi Rüfət oğludur.
Şirkət barədə açıq mənbələrdə demək olar ki, heç bir məlumat yoxdur, hətta onun rəsmi veb-səhifəsi mövcud deyil. Buna baxmayaraq, "Xezer-Construction" dövlət satınalmalarında müntəzəm qalibi kimi diqqət mərkəzindədir.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir və rəhbəri Abit Əliyevdir. Abit Əliyev isə İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın çevrəsinə daxildir.
Qeyd etmək lazımdır ki, "Xezer-Construction" MMC artıq keçən il də bir neçə böyük tenderin qalibi olub. Belə ki, adıçəkilən şirkətlə Mərkəzi Nəbatat Bağının abadlaşdırılması və məhəllədaxili yollarda asfalt örtüynün təmiri üzrə ümumi dəyəri 8 milyondan çox (müvafiq olaraq 6 443 053,43 manat və 2 540 614,99 manat) olan müqavilə bağlanıb. Yenə də konkret iş aparılacaq yerlər detallı şəkildə açıqlanmayıb.
Beləliklə, Bakı Şəhər İcra Hakimiyyəti son iki ildə məhəllədaxili yolların asfaltlanmasına milyonlarla manat xərcləsə də, təmir ediləcək ərazilərin siyahısını ictimaiyyətə açıqlamağa lüzum görməyib.