Benzin və dizellə bağlı yeni QƏRAR

Mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib.
Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.
Digər qazoyllar, o cümlədən dizel yanacağının isə 1 ton üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 80 manatdan 1 manata endirilib.
Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minib və tətbiq edilir.
Dövlət Ehtiyatları Agentliyi, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), “Azərbaycan Hava Yolları” QSC və “Azərenerji” ASC 2024-cü il 6 dekabr tarixli 516 nömrəli qərarla təsdiqlənmiş “Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”na və 2025-ci il 12 mart tarixli 70 nömrəli qərarla təsdiqlənmiş “Fövqəladə ehtiyatların nomenklaturası”na əsasən nəzərdə tutulan yanacaq növləri üzrə minimal həcmlərin formalaşdırılmasına və səmərəli istifadəsinə nəzarəti təmin etməlidirlər.
Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2025-ci il 1 yanvar – 1 iyun tarixlərində idxal etdiyi Aİ-92 markalı benzin və dizel yanacağı üçün yuxarı hədlər müəyyən edilib:
- Aİ-92 benzini – 83 min ton
- Dizel yanacağı – 18 min ton