Müəllimlərin sertifikasiyası təhsilin keyfiyyətinə necə təsir edir?

Müəllimlərin sertifikatlaşdırılması prosesinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir.
AFN.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu sertifikatlaşdırma ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu proses vasitəsilə fənnini dərindən bilən, eyni zamanda öyrənməyə davam edən müəllimlər seçilir.
Vəfa Yaqublu əlavə edib ki, valideynlər övladlarının savadlı və peşəkar müəllimlərdən dərs almasını istəyir: “Eyni zamanda müəllimlər də gördükləri işin fərqləndirilməsini, əməyin qiymətləndirilməsini arzulayır. Sertifikatlaşdırma isə bu baxımdan sağlam rəqabət mühiti yaradır”.
O qeyd edib ki, builki mərhələdə kimya, biologiya və fizika fənləri üzrə müəllimlər sertifikasiya imtahanına cəlb olunacaq. Artıq 5 və 6-cı siniflərdə təbiət fənləri tədris edildiyindən bu sahədə bilikli kadrların seçilməsi xüsusi önəm daşıyır.
“Sertifikasiya imtahanları reytinq xarakteri daşımır, əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını ortaya qoymaqdır”, – deyə o vurğulayıb.