Azərbaycan Polisi 107 illik yubileyini təntənəli şəkildə qeyd etdi


Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.



AFN.az xəbər verir ki, ziyarət zamanı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.



Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.



Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.



Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.



Sonra peşə bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.



O, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan əməliyyat-xidməti fəaliyyətin qurulduğunu qeyd edib.



Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin hüquqlarını və azadlıqlarını yüksək səviyyədə qoruduğu vurğulanıb.



Xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin əhəmiyyətindən bəhs olunub. Cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılması, hüquqpozmaların profilaktikasının gücləndirilməsi, xidmət bacarıqlarının artırılmasıxalqa xidmətin təkmilləşdirilməsi üçün tədbirlərin davam etdirildiyi bildirilib.



Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş qələbə nəticəsində regionda yaranan yeni reallıqlar fonunda, “Böyük Qayıdış”ın gerçəkləşməsi üçün polis və Daxili Qoşunların fəaliyyəti uyğunlaşdırılıb, asayişin etibarlı qorunması və xidmətin əzm və peşəkarlıqla davam etdirildiyi vurğulanıb.



Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardım göstərən vətəndaşlara, veteranlara, dövlət qurumlarına, QHT-lərə və media nümayəndələrinə təşəkkür edilib.



Polis Akademiyasının qazanılan uğurlarda oynadığı rolu qeyd edən daxili işlər naziri məzunları təbrik edib, baş leytenant rütbəsi ilə fərqlənən məzunlara diplomlar təqdim edib.



General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə daxili işlər orqanlarının Vətənə və xalqa sadiq xidmətlərini davam etdirəcəklərinə dair əminlik ifadə edib.



Təntənəli tədbir şəxsi heyətin tribuna qarşısından mətin addımlarla keçidi ilə yekunlaşıb.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu