Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.
Bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (xüsusilə Türkiyəyə münasibətdə) istifadə olunur. Ancaq vəsiqənin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması müəyyən çətinliklər yaradıb. Bu səbəbdən vəsiqənin formasında və üzərindəki məlumatların dairəsinin dəyişdirilməsi zəruri hesab olunur.
Yeni dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsində əks olunan məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə olunacaq. Eyni zamanda, elektron daşıyıcıda (çipdə) yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif olunan digər dəyişikliklərə əsasən, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa çipdə deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə ilə qorunacaq.
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif edilir. Belə ki, vəsiqənin dəyişdirilməli olduğu hallara yaşayış yerinin dəyişməsi əlavə olunacaq. Həmçinin, vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edildikdə, düzəliş dövlət rüsumu tutulmadan həyata keçiriləcək.
Nəticə etibarilə bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasına, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsinə xidmət edəcək.