Makron: İranla bağlı Putinlə danışmaq vacib idi

Fransa prezidenti Emmanuel Makron İran məsələsində rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlamağı vacib hesab etdiyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə Makron jurnalistlərə açıqlamasında danışıb. Onun sözləri BFMTV kanalı tərəfindən yayımlanıb.
"Mən ona, Putinə ilk növbədə İran məsələsini və Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin qorunub saxlanması zərurətini müzakirə etmək üçün zəng etdim. O, kömək etməyə hazır olduğunu bildirdi. Bu razılığın əldə edilməsi çox vacib idi, çünki Fransa sabitliyin təmin olunmasına da cavabdehdir", - deyə Fransa prezidenti vurğulayıb.
Xatırladaq ki, iyulun 1-də Rusiya və Fransa prezidentləri təxminən üç ildən sonra ilk dəfə telefonla danışıblar. Həm Kreml, həm də Yelisey Sarayı söhbəti mənalı adlandırıb. İki ölkənin liderləri 2022-ci ilin sentyabrına qədər daimi əlaqədə olub, lakin sonradan telefon danışıqları dayandırılıb.