Peşə məktəblərinə qəbul sabahdan başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
Direktor bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul - 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.
C.Kərəmov əlavə edib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 mini ötür.
C.Kərimovun sözlərinə görə, 2025-ci ildən peşə təhsilinə 10 yeni ixtisas əlavə olunur: "Yeni ixtisasların 5-i yüksək texniki, 5-i isə texniki peşələrdir. Yüksək texniki ixtisaslar rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalatda rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketing, texniki ixtisaslar isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri və s. olacaq".