"Landau School" MMC 2500 manat cərimələndi

"Landau Educatıonal Technologies" (LANDAU School Məktəbi) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati xəta protokolu tərtib edilib.
Qaynarinfo xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi (Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi) ilə irəli sürülüb.
Məhkəmənin qərarı ilə "Landau Educatıonal Technologies" MMC İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2500 manat cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən, hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, "LANDAU School Məktəbi" 2018-ci ildə əsası qoyulmuş, ilk Azərbaycanlı Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Lev Landaunun adını daşıyan və Bakıda fəaliyyət göstərən özəl orta məktəb kompleksi şəbəkəsidir. "LANDAU School Məktəbi"nin qanuni təmsilçisi və təsisçisi Rahul D’Mellodur.