Instagram 18 yaşdan kiçiklər üçün məzmun məhdudiyyəti gətirdi
Meta şirkəti bildirib ki, bundan sonra Instagram-da 18 yaşdan aşağı istifadəçilər yalnız “13 yaş və yuxarı” üçün uyğun sayılan məzmunları görə biləcəklər. Bu parametri valideyn icazəsi olmadan dəyişmək mümkün olmayacaq.
Şirkətin açıqlamasında vurğulanıb ki, bu qərar gənc istifadəçiləri zərərli və uyğun olmayan məzmundan qorumaq məqsədi daşıyır.
“Artıq gənc istifadəçilərin hesablarının standart ayarları ‘13+’ film kateqoriyalarına uyğunlaşdırılacaq. Yəni onlar yalnız 13 yaşdan yuxarı üçün nəzərdə tutulan məzmunlara bənzər paylaşımlarla qarşılaşacaqlar”, – deyə Meta bəyan edib.
Yeni qaydalar ilin sonuna qədər bütün ölkələrdəki 18 yaşdan aşağı istifadəçilərin hesablarında avtomatik aktivləşdiriləcək. Böyüklər üçün nəzərdə tutulan məzmunlar isə yalnız valideyn icazəsi ilə görünə biləcək.
Qaydalara əsasən, təhrikedici, cinsi xarakterli, alkoqol və tütünlə bağlı paylaşımlar artıq gənclərdən gizlədiləcək. Bununla yanaşı, arqo ifadələr, təhlükəli hərəkətlər və asılılıq yaradan maddələrə dair paylaşımlar da 18 yaşdan aşağı istifadəçilərə nə göstəriləcək, nə də tövsiyə olunacaq.
Bu yaş qrupundakı istifadəçilər belə məzmun paylaşan hesabları izləyə, bu mövzularla bağlı söz axtara və bu tip paylaşımların göndərildiyi mesajları aça bilməyəcəklər.
Meta bildirib ki, bu qərar dünyanın müxtəlif ölkələrində minlərlə valideynin fikirləri əsasında qəbul edilib.
Instagram-ın bu addımı uşaqların sosial mediaya çıxışına məhdudiyyət qoyulması istiqamətində artan qlobal tendensiya fonunda atılıb.
Xatırladaq ki, Avstraliyada 16 yaşdan aşağı uşaqların sosial mediaya çıxışını qadağan edən qanun 10 dekabrdan qüvvəyə minəcək. Qanunu pozan platformalar — o cümlədən Facebook, TikTok, Snapchat, Reddit, Instagram və X — 33 milyon dollara qədər cərimə ilə üzləşə bilərlər.
Avstraliyanın bu addımından sonra İtaliya, İspaniya, bəzi ABŞ ştatları və Cənubi Koreya da oxşar qanun layihələri üzərində işləməyə başlayıb və məsələ yenidən qlobal müzakirə mövzusuna çevrilib.

