Avropa ödəniş sistemlərində ABŞ asılılığından qurtulmaq istəyir
Avropa ABŞ mərkəzli ödəniş sistemlərindən asılılığını azaltmaq və təhlükəsiz ödəniş infrastrukturu yaratmaq məqsədilə yeni təşəbbüslərə hazırlaşır.
AFN.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın ötən il ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Avropa İttifaqı (Aİ) və Böyük Britaniya ilə diplomatik, müdafiə və ticarət əlaqələrində gərginlik müşahidə olunur. Trampın Avropadan müdafiə xərclərini artırmasını tələb etməsi, Danimarkaya məxsus Qrenlandiyanın ilhaqı ilə bağlı təhdidləri və ticarətdə tətbiq etdiyi gömrük tarifləri transatlantik münasibətlərə zərər vurub.
Bu gərginliyin fonunda Avropa ölkələri ödəniş sistemlərində ABŞ-ın üstünlüyünü qırmaq üçün konkret addımlar atmağa başlayıblar. Nağd puldan istifadənin azaldığı bir dövrdə ödəniş sistemlərindəki zəiflik təkcə iqtisadi deyil, həm də geosiyasi risk kimi qiymətləndirilir. Hazırda Avropadakı kart və mobil ödənişlərin böyük hissəsi "Visa", "Mastercard", "PayPal" və ya "Alipay" kimi xarici sistemlər vasitəsilə həyata keçirilir.
Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard Avropanın təcili olaraq öz rəqəmsal ödəniş sistemini qurmalı olduğu barədə xəbərdarlıq edib. AMB tərəfindən buraxılması planlaşdırılan rəqəmsal avronun hüquqi çərçivəsinin bu il tamamlanması, gələn il isə pilot tətbiqinə başlanılması hədəflənir. Tam istifadənin isə 2029-cu ilə qədər çəkəcəyi proqnozlaşdırılır.
Bundan əlavə, Avropa banklarının rəhbərliyi ilə qurulan Avropa Ödənişləri Təşəbbüsü (EPI) vasitəsilə qitə miqyasında vahid ödəniş infrastrukturu yaradılır. Oxşar hazırlıqlar Böyük Britaniyada da gedir. Ölkənin bank sektorunun rəhbərləri "Visa" və "Mastercard"a alternativ milli sistem qurmaq üçün bu gün ilk iclaslarını keçirəcəklər. Məlumata görə, ötən il Böyük Britaniyada kart əməliyyatlarının təxminən 95 faizi ABŞ mərkəzli bu iki şirkətin sistemləri ilə icra olunub.
