Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AFN.az-ın xəbərinə görə, sənəddə qeyd olunub ki, Sərəncam "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"na uyğun olaraq imzalanıb. Məqsəd Muxtar Respublikanın bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaqdır.
Sərəncama əsasən, Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla müvafiq tədbirlər görməlidir. Sənədin əlavəsində göstərilən, əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması və qazılması nəzərdə tutulur.
Bu addım bölgədə su təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatı ilə yanaşı, məişət ehtiyaclarının ödənilməsi istiqamətində mühüm strateji əhəmiyyət kəsb edir.





