CENTCOM Trampa İran ssenarilərini təqdim etdi
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperin Prezident Donald Trampa İrana qarşı masada olan mümkün hərbi hücum variantları barədə məlumat verdiyi iddia edilir.
AFN.az xəbər verir ki, "ABC News"un adını açıqlamaq istəməyən ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə Vaşinqtonun Tehrana qarşı müxtəlif hərbi ssenariləri ciddi şəkildə qiymətləndirdiyi bildirilir. Xəbərdə qeyd olunur ki, fevralın 6-da Omanda ABŞ və İran arasında keçirilən dolayı danışıqlarda da iştirak edən CENTCOM komandanı Kuper Baş Qərargah rəisi general Den Keynin də qatıldığı görüşdə Trampı məlumatlandırıb.
Bir çox Respublikaçı partiya üzvü və administrasiya rəsmilərinin son günlər keçirdikləri özəl görüşlərdə İrana qarşı mümkün hücumun ABŞ tərəfindən deyil, İsrail tərəfindən başladılmalı olduğunu müdafiə etdikləri vurğulanır. ABŞ-İsrail tərəfdaşlığı ilə həyata keçiriləcək birgə hərbi əməliyyatın hələ də ehtimal daxilində olduğu, ABŞ-ın bölgəyə yerləşdirdiyi gəmi və qırıcı təyyarələrin hamısının İranı vura biləcək məsafədə dayandığı iddia edilir.
Trampın seçim variantları arasında aşağıdakılar yer alır:
Məhdud hücum: Tehranı şərtləri qəbul etməyə məcbur etmək məqsədilə ballistik raket buraxılış sistemlərini və nüvə obyektlərini hədəf almaq.
Genişmiqyaslı əməliyyat: Rejimi devirməyi hədəfləyən, İranın hava hücumundan müdafiə imkanlarını tamamilə sıradan çıxarmağa yönəlmiş uzunmüddətli fəaliyyət.
