Eltisinin ölümünə səbəb olan plastik cərrah məhkəmə zalında həbs olundu
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova yenidən hakim qarşısına çıxarılıb.
AFN.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan prosesdə barəsində həbs olmayan qətimkan tədbiri seçilən həkim barədə qərar dəyişdirilərək həbs qətimkan tədbiri seçilib. Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub. Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək qərar ləğv edilib və yenidən baxılması üçün həmin instansiyaya göndərilib. Zərərçəkən tərəf Ülviyyə İlyasovanın cəzasının daha da ağırlaşdırılması tələbini ortaya qoymuşdu.
