İradə Aşumova ilə tələbəsi məhkəməyə məcburi gətirildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bugünkü prosesdə ittiham tərəfinin sonuncu şahidləri ifadə verib. Prosesdə dindirilən şahidlər sırasında güllə atıcılığı üzrə Olimpiya çempionu İradə Aşumova və onun tələbəsi Nəzrin Abbaslı da olub. Onlar ikisi də məcburi gətirilmə barədə qərar qəbul edildikdən sonra, polisin icrası ilə məhkəməyə gəliblər.
Aşumova və tələbəsi yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatlarının mənimsənilməsi epizodu ilə bağlı sorğu-sual ediliblər. Olimpiya çempionu deyib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi yarışların birində iştirak edib. Bunun qarşılığında da ona mükafat kimi cəmi 30 manat pul verilib. Eyni məbləğdə mükafat da Nəzrin Abbaslıya çatıb. Gənc idmançı bildirib ki, istintaq zamanı ona təqdim olunan protokollarda da məhz 30 manat mükafat aldığını təsdiq edib.
Prosesin sonunda Raqif Abbasovun vəkili Ruzi Səmədov idarədə işləyən daha 16 nəfərin əlavə şahid kimi dindirilməsini istəsə də, hakimlər dindirilən şahidlərin yetərli olduğunu əsas gətirərək vəsatəti təmin etməyib.
Məhkəmə prosesi aprelin 29-u cinayət işi materiallarının tədqiqi ilə davam edəcək. Ardınca prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Hazırkı vaxta qədər dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb. Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, tanınmış idmançı İradə Aşumova hazırda Azərbaycan atıcılıq millisinin baş məşqçisidir.

