Rasim Həsənovun məhkəməsi başladı


Rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

AFN.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verərək, müvəkilinin 4500 manat rüşvət almaqda ittiham olunduğu hissənin ittiham aktından xaric olunmasını xahiş edib. Vəkil iddia edib ki, həmin vaxt Rasim Həsənov komissiya rəisi və ya üzvü olmayıb. Həmçinin, vəkil müvəkkilinin azyaşlı övladının olmasını və səhhətindəki problemləri əsas gətirərək onun ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə ev dustaqlığı vəsatətini təmin etməyib, digər vəsatəti isə baxılmamış saxlayaraq işi məhkəmə baxışına verib. Məhkəmənin növbəti iclası 23 aprel tarixinə təyin edilib.

İbtidai istintaq materiallarına görə, Rasim Həsənovun 2021-2025-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifəsində işləyərkən hərbi qulluqçuların tərxis olunmaları müqabilində müxtəlif şəxslərdən təkrarən rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu