CNN: ABŞ və HƏMAS atəşkəsdən bəri ilk dəfə birbaşa danışıqlar aparıblar
ABŞ ilə HƏMAS arasında 10 oktyabr 2025-ci ildə əldə olunmuş atəşkəsdən sonra aprelin 14-də ilk dəfə birbaşa görüş keçirildiyi iddia edilib.
AFN.az xəbər verir ki, CNN telekanalına danışan iki HƏMAS rəsmisi Donald Trampın xüsusi elçisi Arye Laytstounun rəhbərlik etdiyi nümayəndə heyətinin Qahirədə HƏMAS-ın siyasi büro üzvü Xəlil əl-Həyya ilə görüşdüyünü bildiriblər. Görüşdə Laytstounu Qəzza Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenovun müşayiət etdiyi qeyd olunub.
HƏMAS rəsmisi hücumların dayandırılması və humanitar yardımların artırılması üçün İsrailin razılaşmanın ilkin öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb. ABŞ rəsmisi isə bu görüşün Laytstounun İsrail Baş naziri Benyamin Netanyahu ilə apardığı məsləhətləşmələrdən bir neçə gün sonra reallaşdığını irəli sürüb.
İsrail tərəfinin yalnız HƏMAS-ın silahsızlanma öhdəliyi götürəcəyi təqdirdə addım atacağı iddia olunur. HƏMAS nümayəndəsi isə təkliflərdə fələstinlilərin hüquqlarının gözardı edildiyini və ciddi qeyri-mütənasibliyin olduğunu diqqətə çatdırıb. ABŞ Dövlət Departamenti hələlik müzakirələrlə bağlı şərh verməkdən imtina edib.
Məlumata görə, 2025-ci ilin oktyabrındakı atəşkəsə baxmayaraq, bölgədəki gərginlik davam edir. 2023-cü ilin oktyabrından bu yana həyatını itirənlərin ümumi sayı 72 min 344 nəfərə çatıb.
