Türk dövlətləri arasında turizm əməkdaşlığının inkişafı "İTTD-26" konqresində müzakirə olunub
Aprelin 15-də 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı Ankarada 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikaları Konqresi öz işinə başlayıb.
AFN.az xəbər verir ki, “Türk dövlətlərində turizmin gələcəyi: yerli dəyərlərdən qlobal dayanıqlılığa, sağlamlıq və ağıllı transformasiya istiqamətində” mövzusuna həsr olunan “7th International Travel and Tourism Dynamics Congress (ITTD26)” türk dövlətləri arasında turizm əməkdaşlığının inkişafı baxımından mühüm platforma rolunu oynayır.
Tədbir Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərən qurumların dəstəyi ilə baş tutub. Aprelin 17-dək davam edəcək tədbir yüksək səviyyəli rəsmilərin iştirakı ilə diqqət çəkib. Açılış mərasimində Türkiyə Cümhuriyyəti mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, AK Parti sədr müavini Kürşad Zorlu, Ankara Valisi, Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və Türk Dövlətləri Təşkilatınin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Azərbaycan nümayəndə heyətindən Qarabağ Universitetinin rektoru Şahin Bayramov, "Skal Baku" Turizm Peşəkarları Təşkilatının sədri, "Smart" hoteller qrupunun rəhbəri Ceyhun Aşurov təqdimat panellərində çıxış ediblər. Həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı və Arzu Hüseyn də panel müzakirələrinə qatılıblar.
Əsas müzakirə mövzuları arasında davamlı turizm, sağlamlıq və wellness turizmi, rəqəmsal transformasiya, regional brendinq və turizm idarəçiliyində innovativ yanaşmalar yer alıb. Konqres çərçivəsində ortaq turizm marşrutlarının yaradılması, “ağıllı turizm” yanaşmalarının tətbiqi və Türk dünyasında vahid turizm ekosisteminin formalaşdırılması kimi prioritet istiqamətlər ön plana çəkilib.
Həmçinin iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi onu da göstərib ki, türk dövlətləri arasında turizm sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda mədəni inteqrasiya və ortaq irsin qorunması baxımından da böyük potensiala malikdir.




