"Lufthansa" yanacaq böhranı səbəbindən 20 min uçuşu ləğv edəcək



Almaniyanın aviasiya nəhəngi "Lufthansa" reaktiv yanacaq qiymətlərindəki artım səbəbindən oktyabr ayına qədər planlaşdırılan 20 min qısaməsafəli uçuşu təxirə salacağını açıqlayıb.

AFN.az xəbər verir ki, "Lufthansa Qrupu" tərəfindən verilən bəyanatda yay aylarında uçuş seçimlərinin optimallaşdırılacağı və tutumun azaldılacağı bildirilib. Yaxın Şərqdəki münaqişələr başladıqdan sonra reaktiv yanacaq qiymətlərinin ikiqat artdığı xatırladılan açıqlamada oktyabr ayına qədər ümumilikdə 20 min qısaməsafəli uçuşun proqramdan çıxarılacağı və bunun təxminən 40 min metrik ton yanacaq qənaəti demək olduğu qeyd edilib.

Şirkət uçuş proqramındakı bu tənzimləmələrin qrup şəbəkəsindəki gəlirsiz qısaməsafəli reyslərin sayını azaldacağını, xüsusilə uzaq məsafəli qlobal şəbəkənin isə yüksək yanacaq qiymətlərinə rəğmən daha səmərəli şəkildə fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Yeni yanaşma çərçivəsində ilk mərhələdə dünəndən etibarən gündəlik 120 uçuşun ləğvinə başlanılıb və gələcək ayların marşrut planlamasının yenidən nəzərdən keçiriləcəyi ifadə edilib.

Keçən həftə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Avropanın yaxın vaxtlarda reaktiv yanacaq qıtlığı riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Artan xərclər səbəbindən Niderlandın KLM aviaşirkəti gələn ay Avropa daxilində 160 uçuşu ləğv edəcəyini, "Lufthansa" isə törəmə müəssisəsi olan "CityLine"ın fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlamışdı. Hazırda Avropa İttifaqı neft emalı zavodları yanacaq istehlakının yalnız 70 faizini qarşılaya bilir, qalan ehtiyac isə əsasən Yaxın Şərq və Körfəz ölkələrindən idxal edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu