Məktəblərdə valideyn konfranslarına start verilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən 2026-cı il üzrə Valideyn konfranslarına start verilib.

AFN.az-a idarədən verilən məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində ilk görüşlər Nəsimi və Nərimanov rayonları üzrə təşkil olunub.

Konfransda BŞTİ-nin müdir müavini Fəttah Fəttayev, Təhsilalanlarla iş sektorunun müdiri Pərvin Quliyeva, psixoloq Aysel Novruzova, müəllimlər, məktəb psixoloqları və valideynlər iştirak ediblər.

BŞTİ-nin müdir müavini Fəttah Fəttayev ənənəvi xarakter alan konfransların əhəmiyyətindən, valideynlərin təhsil prosesində fəal iştirakının vacibliyindən danışıb, belə tədbirlərin məktəb-ailə əməkdaşlığına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakı məktəblə ailə arasında qarşılıqlı etimadı möhkəmləndirərək daha sağlam və dəstəkləyici təhsil mühitinin formalaşmasına şərait yaradır.

Valideyn konfranslarının məktəb-icma əməkdaşlığının daha da genişləndirilməsi işinə verəcəyi töhfələrdən danışan Təhsilalanlarla iş sektorunun müdiri Pərvin Quliyeva bildirib ki, bu platforma tərəflər arasında açıq dialoqu genişləndirir və birgə təşəbbüslərin yaranmasına şərait yaradır.

"Tədris motivasiyası və öyrənməyə marağın artırılması""Süni intellektdən istifadə və kibertəhlükəsizlik" mövzusunda təqdimatlarla çıxış edən psixoloq Aysel Novruzova uşaqlarda daxili motivasiyanın formalaşdırılmasının onların uzunmüddətli uğurunun əsasını təşkil etdiyini söyləyib. Bildirilib ki, valideynlərin rəqəmsal mühitdə maarifləndirilməsi uşaqların virtual risklərdən qorunmasında mühüm rol oynayır.

Daha sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etməkdir. 2025-ci ildən etibarən təşkil olunmağa başlayan bu konfranslar paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu