Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ


Aprelin 30-da saat 14 radələrində “Milli Onkologiya Mərkəzi”ndə partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan həkim Asif Nəsirovun isə hazırda vəziyyəti ağırdır, müalicəsi xəstəxanada davam etdirilir.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilib, maddi sübutlar götürülüb və müvafiq ekspertizalar təyin olunub.

Fakt üzrə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Hadisənin baş vermə şəraiti, səbəbləri və partlayıcı maddənin əldə edilmə mənbəyi araşdırılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu