"Qaçqınkom"da kollegiya iclası keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
AFN.az xəbər verir ki, iclasda çıxış edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını bildirib.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərlərinin, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılmasının keçmiş məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurduğu vurğulanıb.
Kollegiya iclasında "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq yaşayış məntəqələrinə qayıdışın təşkili, vətəndaş müraciətləri üçün "Qaynar xətt" xidmətinin fəaliyyəti, 2026-cı ilin dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli və şəffaf istifadəsi, həmçinin Qərbi Azərbaycan məsələsi ilə bağlı "Tədbirlər Planı"nın icra vəziyyəti müzakirəyə çıxarılıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsinin vacibliyini vurğulayıb.
Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.



