Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra
Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İbtidai araşdırma dövründə bütün cinayət əməlləri tam sübuta yetirilib. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.
Təqsirləndirilən şəxsin həyat yoldaşı hüquqi varis qismində tanınıb. M.Orucəliyev öldüyü üçün təqsiri sübuta yetirildiyi halda yekunda cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcək. Dəymiş ziyanın ödənilməsi üçün istintaq dövründə mərhumun əmlakları üzərinə həbs qoyulub.
Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri korrupsiya cinayətləri arasında ağır maddələrdən hesab edilirlər.
Qeyd edək ki, polkovnik Orucəliyev uzun müddət Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovun müavini işləyib. 2022-ci ildə 57 yaşında xəstəlik səbəbindən vəfat edib.
Xatırladaq ki, analoji hal müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədovla bağlı da yaşanmışdı. F.Məmmədov öldüyünə görə onun cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş və əmlakları dövlət nəfinə müsadirə olunmuşdu.


