Keyr Starmerin istefasını istəyənlərə xarici işlər və daxili işlər nazirləri də qoşuldu



İngiltərənin xarici işlər naziri İvet Kuper və daxili işlər naziri Şabana Mahmud hakim İşçi Partiyasından olan 77 deputata qoşularaq Baş nazir Keyr Starmerin istefasını tələb ediblər.

AFN.az xəbər verir ki, Britaniya mediasında yayılan məlumata görə, mayın 7-də keçirilən yerli seçkilər, eləcə də Şotlandiya və Uels regional parlament seçkilərində ağır məğlubiyyət alan İşçi Partiyasında Starmerin istefasını tələb edənlərə daha üç nazir qoşulub.

Hökumət mənbələrinin verdiyi məlumata əsasən, Starmerin istefasını istəyən üç nazirdən ikisinin xarici işlər naziri Kuper ve daxili işlər naziri Mahmud olduğu bildirilib.

Bununla belə, hökumət mənbələri səhər saatlarında keçiriləcək kabinet iclası ərəfəsində hökumət daxilində istefa tələbi irəli sürənlərin azlıq təşkil etdiyini də vurgulayıb.

Baş nazir Starmerin istefasını tələb edən hakim partiya deputatlarının sayı 77-yə yüksəlib. Starmerin vəzifəsini tərk etməsini istəyən nazir müşaviri deputatların sayı isə iki nəfər artaraq 5-ə çatıb.

Daxili işlər, səhiyyə və ətraf mühit nazirlərinin parlamentdə müşavirliyini edən deputatlardan sonra baş nazirin müavini və Nazirlər Kabineti Ofisinin müşavirləri də Starmeri istefaya çağırıblar. Həmin 5 deputat nazir müşaviri vəzifələrindən də istefa verdiklərini açıqlayıblar.

Starmeri istefaya çağıran deputatların bir qismi Mançester meri Endi Burnhamın deputat seçilərək partiyanın rəhbərliyinə gətirilməsi ideyasını dəstəkləyir. Səhiyyə naziri Ves Stritinqin adı da mümkün namizədlər arasında çəkilir.

İngiltərədə mayın 7-də 136 yerli idarəetmə qurumunda keçirilən yerli seçkilərdə hakim partiya sahib olduğu 2403 mandatın 1406-nı itirib, Londonda isə nəzarətində olan 19 bələdiyyədən 9-u başqa partiyaların üstünlüyünə keçib.

Həmin bələdiyyələrdə əvvəllər cəmi 2 mandata malik olan ifrat sağçı Reform UK Partiyası isə 1444 mandat qazanaraq seçkiləri öndə başa vurub.

Uels və Şotlandiyada keçirilən regional parlament seçkilərində də ağır məğlubiyyət yaşayan İşçi Partiyası hər iki ölkədə üçüncü partiya mövqeyinə geriləyib. Şotlandiyada ardıcıl beşinci dəfə birinci yeri müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyası tutub, ikinci yerdə isə Reform UK qərarlaşıb.

Uelsdə isə İşçi Partiyasının hakimiyyəti sona çatıb və regional baş nazir Eland Morqan belə deputat seçilə bilməyib. Uelsdə də birinci yeri müstəqillik tərəfdarı Pleyd Kimru, ikinci yeri isə Reform UK tutub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu