İsmayıllı RİH-in qarşısında camışlar otlayır - VİDEO+AÇIQLAMA (YENİLƏNİB)
AFN.az-ın redaksiyasına İsmayıllı rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama daxil olub. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:
Sosial şəbəkələrdə yayımlanan materialın təqdimat üslubu hadisəyə birtərəfli və qeyri-obyektiv yanaşmanın nümunəsi kimi görünür. Videoda əks olunan camışların İsmayıllı Rayon İcra Hakimiyyətinin qarşısındakı yaşıllıq əraziyə daxil olması nəzarətsiz qalan heyvan sahiblərinin diqqətsizliyi və məsuliyyətsizliyi nəticəsində baş vermiş təsadüfi hadisədir. Məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə nəzarət edən əməkdaşlar dərhal tədbir görərək heyvanları həmin ərazidən uzaqlaşdırıblar.
Qeyd edilməlidir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin qarşısındakı park və yaşıllıq zolağı rayon sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarından biridir. Burada abadlıq və təmizlik işləri mütəmadi aparılır, ağac və gül kollarına daimi qulluq göstərilir. Ümumiyyətlə, İsmayıllı rayonunda parkların, xiyabanların və digər yaşıllıq ərazilərinin qorunması və saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rayonun ekoloji görünüşünün və estetik mühitinin qorunması yerli qurumların daim diqqət mərkəzindədir.
Belə bir təsadüfi hadisəni ümumi vəziyyət kimi təqdim etmək və bundan sensasiya yaratmağa çalışmaq düzgün yanaşma sayıla bilməz. Əksinə, baş verənlər istisna xarakterli bir haldır və rayonun ümumi abadlıq mənzərəsini əks etdirmir. Bu cür halların operativ şəkildə aradan qaldırılması isə aidiyyəti qurumların məsuliyyətlə fəaliyyət göstərdiyini təsdiq edir.
***
İsmayıllı rayon İcra Hakimiyyətinin qarşısında qəribə mənzərə yaşanıb.
AFN.az xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.
Videodan da göründüyü kimi nəzarətsiz qalan iri baş heyvanlar İcra hakimiyyətinin qarşısında otlayırlar.





