Şəhid anası mənzil istəyir: Oğlumun adını daşıyan balamı həmin evdə böyütmək istəyirəm - VİDEO
Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi Sərxan Həsənovun anası Samirə Həsənovanın mənzil təminatı ilə bağlı müraciəti yayılıb.
Tovuz rayonunun Əlibəyli kəndində yaşayan şəhid anası bildirib ki, digər övladları ilə birlikdə yaşaya biləcəyi evlə təmin olunmasını arzulayır.
Samirə Həsənova qeyd edib ki, oğlu əvvəlcə müddətli həqiqi hərbi xidmət keçib, daha sonra isə peşəkar hərbçi kimi fəaliyyətini davam etdirib və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.
“Evin yeganə oğlu idi. Bu gün onun adını daşıyan balaca Sərxanımız böyüyür. Arzum budur ki, övladlarımı, xüsusilə də Sərxanın adını daşıyan balamı öz evimizdə böyüdüm. Mənzil verilməsini və ailəmlə birlikdə həmin evdə yaşamağı istəyirəm”, – deyə şəhid anası müraciətində vurğulayıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Samirə Həsənova 22 fevral 2021-ci il tarixində Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə daxil edilib.
Qurumun açıqlamasında qeyd olunub ki, vətəndaşın mənzillə təmin olunması məsələsinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq növbəlilik prinsipi əsasında baxılacaq.
Məlumata görə, Sərxan Habil oğlu Həsənov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. O, 2019-cu ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi orduda xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə, 21 yaşında şəhid olub.
Şəhid hərbi qulluqçu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Sərxan Həsənov ailə qurmamışdı. Onun şəhidliyindən iki il sonra, 2022-ci ildə dünyaya gələn qardaşına da Sərxan adı verilib.


