Kuba ABŞ-nin elan etdiyi yeni sanksiya qərarlarına sərt reaksiya göstərib
Kuba hökuməti ABŞ-nin xam neft hasilatı, emalı və istehsalı sahəsində fəaliyyət göstərən dövlət neft şirkəti "Cupet"ə qarşı tətbiq etdiyi sanksiya qərarlarına etiraz edib.
AFN.az xəbər verir ki, rəsmi mətbuatda yer alan xəbərlərə görə, Kubanın xarici işlər naziri Bruno Rodriqes ABŞ-nin ölkəsinə qarşı tətbiq etdiyi iqtisadi və enerji blokadasını daha da dərinləşdirdiyini bildirib.
Vaşinqtonun "Cupet" dövlət müəssisəsini hədəf alan addımlarını şərh edən nazir vurğulayıb ki, ABŞ-nin dövlət katibi Marko Rubio işğalçılıq ehtirasları, prezidentlik iddiaları və siyasi karyera maraqları ilə hərəkət edən dairələrin qisasçı mövqeyinə xidmət edərək, Kubaya yönəlmiş iqtisadi və enerji embarqosunu daha da ağırlaşdırır.
Kubanın Baş nazirinin müavini, həmçinin xarici ticarət və xarici investisiyalar naziri Oskar Peres-Oliva da Ağ Evin sanksiya qərarlarını tənqid atəşinə tutub.
Peres-Oliva qeyd edib ki, bu qərarı əsaslandırmaq üçün ABŞ Dövlət Departamentinin hazırladığı rəsmi tezislərə deyil, Kuba əleyhinə olan mühitin ən təcavüzkar, savadsız və qəzəbli kəsimlərinin uydurduğu bəsit və ucuz yalanlara müraciət olunur.
Xatırladaq ki, Kubanın dövlət neft şirkəti "Cupet" ABŞ Maliyyə Nazirliyinin tabeliyindəki Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) sanksiya siyahısına daxil edilib və bununla da, aralarında Kuba Prezidenti Migel Dias-Kanelin də olduğu sanksiyaya məruz qalan kubalı rəsmi şəxslərin və qurumların sayı daha da artıb.
Məsələ ilə bağlı ittihamlar irəli sürən ABŞ-nin dövlət katibi Marko Rubio isə adadakı bütün resurslar kimi enerjinin də Kubanın kommunist hökuməti tərəfindən uzun müddətdir həm bir təzyiq aləti kimi istifadə edildiyini, həm də rejimin korrupsioner idarəetmə strukturunu bəslədiyini iddia edib.
