Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxundu
Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AFN.az xəbər verir ki, "Unikal" APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elsun Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, sabiq hakim bu dəfə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
Xatırladaq ki, Bərdə Rayon Məhkəməsinin keçmiş hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdi.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulmuş, ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilmişdi. Gəncə Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən, o, həmin cinayətə görə 5 il müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu. Sonradan Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də həmin hökmü qüvvədə saxlamışdı.

