Bakıya işləməyə gəlibmişlər - TƏFƏRRÜAT
Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncin hamısının Lerik rayonunun Orand kənd sakinləri olduğu məlum olub.
Dənizdən meyiti çıxarılan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və onun qardaşı 2007-ci il təvəllüdlü Elmarın nəşləri dəfn edilmək üçün doğma kəndlərinə aparılıb. Faciə zamanı boğulan digər sakin – 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlu isə Bakıda dəfn olunacaq. Hazırda Namiqin qohumu, 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun FHN-in xilasediciləri tərəfindən axtarışları davam etdirilir.
Bildirilib ki, vəfat edən gənclər paytaxta mövsümi işlə bağlı gəlibmiş. Onlar Xəzər rayonu ərazisindəki fərdi tikinti sahəsində usta və fəhlə kimi çalışıblar. Hadisə baş verən gün işlərini tam yekunlaşdıraraq təhvil verən 4 gənc, istirahət etmək məqsədilə dəniz sahilinə yollanıb və bu acı faciə ilə qarşılaşıblar.
Qeyd edək ki, gənclərin doğulduğu Lerikin Orand kəndi 2017-ci ildə də dəhşətli qar uçqunu ilə ölkə gündəminə gəlmişdi. Həmin vaxt evin damına yığılan ağır qar kütləsinin çökməsi nəticəsində bir ailənin 4 üzvü bədbəxt hadisənin qurbanı olmuşdu.
Qafqazinfo


