Azərbaycanda onlayn qumar oyunlarına görə cəzalar sərtləşdirilir
Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar kəskin şəkildə sərtləşdirilir.
AFN.az "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə fundamental dəyişikliklər təklif edilir. Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında geniş müzakirəyə çıxarılıb.
Yeni sənədə əsasən, qumar oyunları aşağıdakı hallarda törədildikdə cəzalar ağırlaşdırılacaq:
- virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə;
- yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə;
- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;
- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə.
Bu növ əməllərə görə təqsirləndirilən şəxslər cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin qumar oyunları mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən, yaxud külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Hazırda qüvvədə olan sanksiyada cərimə konkret olaraq 10-15 min manat arası nəzərdə tutulsa da, layihəyə əsasən cərimə birbaşa əldə edilmiş gəlirin iki misli miqdarında müəyyən ediləcək.
Dəyişikliklə həmçinin qumar oyunlarının təşkili, keçirilməsi, habelə qumar üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi hallar üçün də sanksiyalar sərtləşdirilir. Mövcud qanunvericiliklə bu əməllərə görə 4 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası verildiyi halda, yeni layihədə alternativlər ləğv edilərək birbaşa 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təklif olunur.


