30 iyun Azərbaycanda Milli Sevgililər Günüdür


30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Bu tarix dünyanın əksər ölkələrində olduğu kimi 14 fevral deyil, Fərizə və İlham Allahverdiyevlərin ailə qurduğu günlə əlaqələndirilir və sevgi, sədaqət, fədakarlıq rəmzi hesab edilir.

Fərizə və İlhamın həyat hekayəsi Azərbaycanın ən təsirli sevgi dastanlarından biri kimi yadda qalıb. Onların məhəbbəti təkcə iki insanın sevgisini deyil, həm də vətən sevgisini, sədaqəti və fədakarlığı özündə birləşdirir.

1989-cu il iyunun 30-da ailə həyatı quran cütlüyün xoşbəxtliyi uzun sürmədi. Cəmi bir neçə ay sonra baş verən 20 Yanvar faciəsi onların taleyini əbədi dəyişdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi zamanı İlham Allahverdiyev küçələrə çıxaraq hadisələrin şahidi oldu və həmin gecə şəhidlik zirvəsinə ucaldı. O, indiki "20 Yanvar" dairəsi yaxınlığında açılan atəş nəticəsində həyatını itirdi.

Həyat yoldaşının ölüm xəbərini qəbul edə bilməyən Fərizə Allahverdiyeva əvvəlcə intihar etmək istəsə də, yaxınları buna mane oldular. Lakin o, qərarından vaz keçmədi. Vida məktubu yazaraq İlhamsız yaşaya bilməyəcəyini bildirdi və sirkə içərək bətnindəki körpəsi ilə birlikdə dünyasını dəyişdi.

Bu faciəli sonluğa baxmayaraq, onların ailə qurduğu 30 iyun tarixi Azərbaycanda sevginin və sədaqətin simvolu kimi qəbul edilir. Məhz buna görə də ölkədə Sevgililər Günü həmin tarixdə qeyd olunur.

İlham Allahverdiyev 1962-ci ildə Ağdam şəhərində anadan olub. Təhsilinə əvvəlcə Ağdamdakı 1 nömrəli, daha sonra isə Bakının 54 nömrəli orta məktəbində davam edib. Uşaqlıq illərinin bir hissəsini nənəsinin yanında, Ağdamda keçirib. Hərbi xidmətini başa vurduqdan sonra Bakıya qayıdaraq Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin müəssisə onun adını daşıyır.

Fərizə və İlham 1989-cu il iyunun 30-da "Vağzalı" sədaları altında ailə qurublar. 1990-cı ilin yanvarında ayrıca yaşamaq qərarı versələr də, faciədən bir gün əvvəl İlham həyat yoldaşını təhlükəsiz olması üçün anasının evinə aparıb. Fərizənin təhlükəsizliyinə əmin olduqdan sonra isə qara geyimdə evdən çıxaraq küçələrə yollanıb və həmin gecə şəhid olub.

Bu gün Fərizə və İlhamın adı Azərbaycanda əbədi sevginin, sədaqətin və vətən uğrunda fədakarlığın rəmzi kimi xatırlanır. Onların məzarı hər il yüzlərlə insan tərəfindən ziyarət edilir, sevgi hekayələri isə nəsildən-nəslə ötürülür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu