Arifə Əliyeva: Hüquqi mübahisə şəxsi nifrət kampaniyasına çevrilməməlidir
Jurnalist Arifə Əliyeva sosial şəbəkələrdə "Arzum9999" (İlduzə) kimi tanınan şəxslə bağlı çıxarılan məhkəmə hökmü, ictimai müzakirələr və sosial şəbəkələrdəki münasibətlə bağlı fikirlərini bölüşüb.
AFN.az xəbər verir ki, o, ilk olaraq bildirib ki, mövqeyi hansısa şəxsi münasibətdən qaynaqlanmır: "Mən Arzum9999-u (İlduzəni) nə tanıyıram, nə də onunla hansısa şəxsi münasibətim var. Yazacağım fikirlər də hansısa tanışlığa görə deyil, hüquq və ədalət prinsipi baxımındandır."
Arifə Əliyevanın sözlərinə görə, məhkəmə hökm çıxarsa da, bu, cəmiyyətin hadisəni müzakirə etmək hüququnu əlindən almır: "Məhkəmə artıq hökmünü verib. Amma hökm çıxması o demək deyil ki, cəmiyyət hadisəni müzakirə bilməz. Əksinə, insanların cəzanın ədalətliliyi barədə fikir bildirmək hüququ var."
Jurnalist qeyd edib ki, sosial şəbəkələrdə hadisənin videogörüntülərini izlədiyini və iş materialları ilə tanış olduğunu bildirən çox sayda istifadəçi qəzanın baş verməsində qarşı tərəfin yüksək sürətlə hərəkət etməsinin də mühüm rol oynadığını iddia edir. Onun sözlərinə görə, həmin şəxslər məsuliyyətin yalnız bir nəfərin üzərinə qoyulmasının mübahisəli olduğunu düşünürlər. Bununla yanaşı, Arifə Əliyeva həmin iddiaların doğruluğu barədə qəti fikir söyləmədiyini də vurğulayıb: "Bu iddiaların nə dərəcədə doğru olduğunu qəti deyə bilmərəm. Amma bu cür müzakirələrin mövcudluğu göstərir ki, cəmiyyətin bir hissəsində hökmün ədalətliliyi ilə bağlı suallar var."
O, Azərbaycanda daha əvvəl də yüksək vəzifəli şəxslərin övladlarının və yaxınlarının iştirakı ilə baş vermiş səs-küylü yol-nəqliyyat hadisələrinin uzun müddət ictimai müzakirə mövzusu olduğunu xatırladıb. Arifə Əliyeva qeyd edib ki, ictimaiyyət arasında Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlunun, deputat Asif Əsgərovun oğlunun, eləcə də keçmiş Baş nazirin müavini Əli Həsənovun nəvəsinin adı hallanan hadisələrlə "Arzum9999"-un işi arasında müqayisələr aparılır:
"İnsanlar bu işlərlə Arzum9999-un işi arasında müqayisələr aparır və cəzalara fərqli yanaşıldığını düşünürlər. Əgər həqiqətən də qanun qarşısında hamı bərabərdirsə, bu bərabərlik hər kəs üçün eyni şəkildə görünməlidir. Ədalət təkcə həyata keçirilməməli, həm də cəmiyyət tərəfindən görünməlidir."
Jurnalist bildirib ki, onu ən çox narahat edən məsələlərdən biri də sosial şəbəkələrdə İlduzənin təhqir olunması və linç edilməsidir: "Digər tərəfdən, məni ən çox narahat edən məsələ sosial şəbəkələrdə İlduzənin şəxsiyyətinin təhqir olunması, söyülməsi və linç edilməsidir. Tənqid etmək başqa şeydir, insanı kütləvi şəkildə alçaltmaq başqa. Heç kim buna haqq qazandıra bilməz."
Sonda Arifə Əliyeva vurğulayıb ki, hüquqi qərarlarla bağlı fərqli mövqelərin olması normaldır. Onun fikrincə, hüquqi mübahisələrin şəxsi nifrət kampaniyasına çevrilməsi cəmiyyətə fayda vermir: "Hüquqi qərarla razılaşmaq da olar, razılaşmamaq da. Amma hüquqi mübahisəni şəxsi nifrət kampaniyasına çevirmək cəmiyyətə heç nə qazandırmır. İstənilən işdə əsas meyar emosiyalar deyil, obyektivlik və qanunun hamıya eyni tətbiq olunması olmalıdır."


