Daha üç "ASAN Xidmət" açılacaq - Ülvi Mehdiyev
Azərbaycanda üç yeni "ASAN Xidmət" mərkəzi yaradılacaq.
AFN.az xəbər verir ki, bu barədə Teleqraf Agentliyi və Baku TV-yə müsahibədəsin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev məlumat verib.
Agentlik rəhbəri qeyd edib ki, hazırda 28 "ASAN Xidmət", 3 "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir. Onun fikrincə, bu say kifayət edir və mərkəz sayının artırılmasına artıq ehtiyac duyulmur:
"Çünki bundan əlavə 10 səyyar avtobus da var. Onlar "ASAN Xidmət" mərkəzinin olmadığı regionlara səfərlər edirlər. Tələbata uyğun 2 həftə və ya 1 ay ərzində şəhər və qəsəbələrdə vətəndaşlara xidmət göstərirlər. Bu 10 səyyar avtobus və 28 mərkəzin ölkəni tam əhatə etdiyini düşünürük. Yalnız işğaldan azad olunmuş ərazilərdə yeni mərkəzlərin açılması nəzərdə tutulur. İşğaldan azad edilmiş üç şəhərdə - Ağdam, Cəbrayıl və Laçında "ASAN Xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır. Bunlar regional mərkəz olacaqlar və ətraf rayonlara da xidmət edəcəklər".


