Elektron attestatlarla bağlı narazılıq: Heç bir qurum qəbul edib apostil etmir - YENİLƏNİB
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜDTA) bildirilib ki, 11 avqust 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış təhsil haqqında dövlət sənədləri – attestatlar vətəndaşlar üçün elektron formada əlçatan olub.
Agentlik elektron attestatların hüquqi qüvvəyə malik olduğunu açıqlayıb. Bildirilib ki, attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığından rəsmi təhsil sənədi hesab olunur.
MÜDTA-nın məlumatına görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.
Vətəndaşlar elektron attestatlarını mygov.az platformasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə, yükləyə və paylaşa, həmçinin rəsmi sənəd kimi istifadə edə bilərlər.
Agentlik elektron sənədin həqiqiliyinin yoxlanılmasının da mümkün olduğunu bildirib. Bunun üçün attestatın üzərindəki QR kod oxudula, yaxud edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixi daxil edilə bilər.
Beləliklə, MÜDTA elektron attestatların hüquqi baxımdan kağız sənədlə eyni qüvvəyə malik olduğunu açıqlasa da, xüsusilə xaricdə təhsil üçün sənədlərin apostillənməsi və digər ölkələrin aidiyyəti qurumları tərəfindən qəbul edilməsi məsələsi valideynlər üçün ayrıca praktiki sual olaraq qalır.
***
Müğənni-aparıcı Murad Arif Azərbaycanda attestatların elektron formada təqdim olunması ilə bağlı narazılığını ifadə edib.
AFN.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı statusda yeni qaydaya əsasən məktəb attestatlarının kağız formada deyil, elektron şəkildə – PDF formatında təqdim edildiyini bildirib. Onun sözlərinə görə, xaricdə təhsil alacaq övladının sənədlərinin rəsmiləşdirilməsi zamanı elektron attestatla bağlı problem yaranıb.
“Bu elektron sənədi heç bir qurum qəbul edib apostil etmir. Uşaq xaricdə təhsil almalıdır, sənədlərin qeydiyyatı üçün isə vaxt gedir. Bu səbəbdən həm vaxt, həm də əsəb itiririk”, – deyə Murad Arif qeyd edib. O, yeni sistemin tam işlək vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb: “Əgər yeni üsulla verilən attestatlar tam keçərli deyilsə, ya sistemi hərtərəfli işlək vəziyyətə gətirin, ya da insanlara əlavə çətinlik yaratmayın”.


