6 saylı cəzaçəkmə müəssisəsində Mirsaleh Seyidovun tapşırığına əməl edilmir - ŞİKAYƏT
Hazırda həbsdə olan iş adamı Nazim Bəydəmirlinin xanımı Fəridə Bəydəmirli Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova açıq müraciət ünvanlayıb.
AFN.az xəbər verir ki, F.Bəydəmirli 6 saylı cəzaçəkmə müəssisəsində karantində saxlanılan Nazim Bəydəmirlinin övladları ilə video görüş imkanının bərpa olunmasını və həyat yoldaşından baş etibarnamə almasına şərait yaradılmasını xahiş edib. O qeyd edib ki, iyulun 2-də Mirsaleh Seyidovun qəbulunda olub və hər iki məsələ ilə bağlı müraciət edib. M.Seyidov hər iki məsələ ilə bağlı müsbət qərar versə də, bu günə qədər məsələlər həllini tapmayıb.
“Məktubla dəfələrlə müraciət etsəm də, müəssisənin rəisinə və əməkdaşlarına müraciət etsəm də, hələ də sizin göstərişiniz yerinə yetirilməyib”, – deyə F.Bəydəmirli qeyd edib.
Xanım Bəydəmirlinin sözlərinə görə, avqustun 15-də 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə görüşüb, ona bildirilib ki, qeyd edilən məsələlərin heç birinə kömək edə bilməyəcəklər: "Dedilər ki, karantində olan məhbusun ailəsi ilə video görüşməsi mümkün deyil. Hər iki məsələnin həlli üçün yenidən sizin qəbulunuza getməyimi və rəsmi icazə almağımı tövsiyə etdilər”, – deyə F.Bəydəmirli vurğulayıb.
F.Bəydəmirli müraciətini sosial şəbəkədə paylaşaraq məsələnin yenidən nəzərdən keçirilməsini istəyib: "Bu məsələyə yenidən toxunmağınızı və rəsmi icazə verməyinizi xahiş edirəm”, – deyə o bildirib.




