Sumqayıtda "Mahal" MTK ağacları məhv etdi — 42 MİN MANATLIQ ZİYAN, İŞ PROKURORLUQDA




Bir neçə gün öncə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son monitorinqləri ölkəmizdə, xüsusən də paytaxt və ətraf ərazilərdə ekoloji qanunsuzluqların hələ də davam etdiyini acı bir reallıq kimi ortaya qoyur. Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara ümumilikdə 72 min manata yaxın ziyan vurulması sadəcə quru statistika deyil, ətraf mühitə qarşı göstərilən etinasızlığın növbəti aqibətidir. Ekoloji nəzarət tədbirlərinin gücləndirilməsinə və ölkə rəhbərliyinin yaşıllıqların qorunması ilə bağlı birmənalı, qəti xəbərdarlıqlarına rəğmən, bəzi şirkət və qurumlar hələ də şəxsi maraqlar xatirinə təbiəti qurban verirlər. Kəsilmiş ağaca görə cərimə ödəmək, hüquqi prosedurdan keçmək mümkündür, lakin məhv edilmiş oksigen mənbəyini və on illərlə formalaşan canlı ekosistemi heç bir vəsaitlə geri qaytarmaq olmur.

AFN.az-ın araşdırması zamanı məlum olub ki, bu dəfə qanunsuzluqların ən qabarıq və bariz nümunəsi məhz Sumqayıt şəhərinin "payına düşüb". Şəhərin 4-cü məhəlləsi ərazisində ağac kəsimi "Mahal" MTK tərəfindən həyata keçirilib. Bəlli olub ki, tikinti şirkəti ərazidəki dəyərli ağacları – ümumilikdə 8 ədəd sərv, Şərq çinarı və Eldar şamını məhv edib. Bu hadisənin təbiətə vurduğu ziyan ümumi zərərin tən yarısından çoxunu – 42 min manatı təşkil edir. Cinayət tərkibi yaradan bu əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar artıq Baş Prokurorluğa göndərilib.

Məsələnin ən təəssüfdoğurucu hissəsi isə "Mahal" MTK-nın bu əməli təkrarlamasıdır. Şirkətin yaşıllıqlara olan ögey münasibəti ilk dəfə deyil və belə faktların artıq ikinci dəfədir prokurorluq orqanlarına göndərilməsi həmin strukturun ekoloji qanunvericiliyi qəsdən və sistemli şəkildə heçə saydığını göstərir. Görünür, əvvəlki xəbərdarlıqlar və tədbirlər MTK üçün yetərli olmayıb.

Təəssüf ki, təbiətə qənim kəsilənlərin coğrafiyası yalnız Sumqayıtla məhdudlaşmır. Bakının Xətai rayonu Vunqtau küçəsi və Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsində də eyni xarakterli ekoloji cinayətlər qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətə ziyan vuranların məsuliyyətdən yayınmaması üçün sərt mübarizə davam etdirilsə də, cəmiyyət olaraq bu cür "inkişaf" adı altında həyata keçirilən ekosistem qətliamlarına qarşı daha barışmaz mövqe sərgiləməyə və ciddi ictimai qınağa ehtiyac var.

Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu