Anar Əsədli barəsində qərar verildi
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.
Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.

