Başa düşdüm ki, bəzi ağrılar keçmir - Qənirə Paşayevanın bacısı...
Bu gün mərhum millət vəkili Qənirə Paşayevanın vəfatından 3 il ötür.
Onun bacısı Kəmalə Paşayeva paylaşım edib.
Qeyd edib ki, bu üç il ərzində həyat öz axarı ilə davam etsə də, onun dünyasında bacısının yeri boş qalıb: “İnsan ən çox sevdiyi birini itirəndə zamanın ağrını azaldacağına inanmaq istəyir. Amma mən başa düşdüm ki, bəzi ağrılar keçmir, sadəcə insanın daxilində məskunlaşır. Yaşamağa davam edirsən, lakin ürəyinin bir hissəsi həmişə gedən insanla qalır.
Ürəyim üç ildir səninlədir...
Sənin üçün təkcə darıxmıram. Səsin, baxışların, təbəssümün, mənə “Kəmalə” deyə səslənməyin üçün darıxıram. Sənə nələrsə danışmaq, fikrini soruşmaq, bəzən mübahisə etmək və sonra yenidən sənə sığınmaq üçün darıxıram. Çünki sən təkcə bacım deyildin. Sən mənim uşaqlığım, gəncliyim, sirdaşım, yol yoldaşım, həyat müəllimim idin. Necə möhkəm dayanmağı, necə mübarizə aparmağı, yıxıldığım yerdən necə yenidən qalxmağı səndən öyrəndim. İnsanlara toxunmağın, kiminsə dərdini öz dərdin kimi qəbul etməyin nə demək olduğunu səndə gördüm.
Səni tanıyan hər kəs bilir ki, sən sadəcə bizim ailəmizə aid deyildin. Sən özünü Vətənə, millətə həsr etmişdin...
Yanımda olmağın...
Səni qucaqlamağım...
Səsini eşitməyim...
Birlikdə gülməyimiz...
Problem yaşadığım zaman “bacım var” deyə bilməyimin yaratdığı özünəinam üçün darıxıram.
Bəzən insan 44 yaşında belə uşaq qala bilər. Bacımı itirdikdən sonra bunu daha yaxşı başa düşürəm. Son üç ildə həyatımda yaxşı şeylər də olub, çətin günlər də. Və hər dəfə eyni cümlə ağlıma gəlirdi: “Kaş Qənirə burada olaydı...”
Xatırladaq ki, Qənirə Paşayeva 2023-cü ildə səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, sentyabrın 28-i 48 yaşında vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.




