Aqil Acalov: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir
İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib.
AFN.az xəbər verir ki, BJJ (Braziliya Ciu-Citsu) Azərbaycan Prezidenti Aqil Acalov bu məqamın bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifaq toxumu səpilməsinə çalışıldığını deyib.
A.Acalovun sözlərinə görə, bu, bəzi maraqlı qüvvələr tərəfindən xüsusi şəkildə tirajlanaraq Azərbaycanı ittiham etmək, ölkənin xarici siyasət kursunu şübhə altına almaq və Azərbaycan-Türkiyə münasibətlərində müəyyən ziddiyyətlər yaratmaq cəhdidir.
A.Acalov qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yalnız iki dövlət arasında mövcud olan diplomatik əlaqələrlə məhdudlaşmır. Onun sözlərinə görə, bu dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri təkcə iki dövlətin siyasi əlaqələri deyil, eyni zamanda iki xalqın əsrlərboyu formalaşmış ortaq dəyərlərinin, tarixi yaddaşının və mənəvi bağlılığının ifadəsidir.
O bildirib ki, iki ölkə eyni millətə, dinə, dilə və ortaq mədəniyyətə malikdir. Acalovun fikrincə, bu münasibətlər bir millət, iki dövlət anlayışının da fövqündə strateji qardaşlıq və həmrəylik təməlinə malikdir və bu təməli dağıtmaq mümkün deyil.
A.Acalov qeyd edib ki, bu gün media və sosial şəbəkələrdə hər kəs ifadə azadlığı hüququna malikdir, lakin həssas məsələlər məsuliyyət tələb edir. O, qardaşlığa xələl gətirə biləcək nüanslar üzərindən manipulyasiya edilməməsinin və belə hallara yol verilməməsinin vacibliyini vurğulayıb.
O, iki dövlət, bir millət anlayışını hədəf alan bu cür manipulyasiyalara qarşı hər zaman ayıq-sayıq olmağın vacibliyini diqqətə çatdırıb.
A.Acalov onu da vurğulayıb ki, Azərbaycanın İsrail-Fələstin və İsrail-Türkiyə münasibətlərinə dair mövqeyi emosional deyil, dövlətin milli maraqlarına və uzunmüddətli strateji prioritetlərinə əsaslanan xarici siyasət xəttidir.
Onun sözlərinə görə, Azərbaycanın bu qarşıdurmalarla bağlı konkret dövlət və milli maraqlara uyğun formalaşan mövqeyi mövcuddur və bu mövqe hər hansı başqa siyasi qüvvələrin gözləntisi, ictimai emosiyası və ya sosial şəbəkələrdə formalaşdırılan təzyiq əsasında dəyişdirilə bilməz.
Acalov bildirib ki, Azərbaycan beynəlxalq birliyin suveren aktoru kimi konstruktiv əsaslarla həyata keçirdiyi xarici siyasətində daim milli maraqlardan, ölkələr və xalqlar arasında birliyin əldə olunmasına öz töhfəsini verməyə çalışır.
O qeyd edib ki, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatların tribunalarından davamlı olaraq regional və qlobal əməkdaşlığa çağırışlar edir. Acalovun sözlərinə görə, Azərbaycan Yaxın Şərq coğrafiyası ilə bağlı siyasətində də sülhün tərəfdarıdır.


