Tokayev orduda hərbi islahatlara start verdi



Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində 14 hərbçinin həyatını itirdiyi təlimdən sonra hərbi islahat planının hazırlanmasını tapşırıb.

Qazaxıstan Prezident Administrasiyasından verilən məlumata görə, Prezident Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin rəhbərləri ilə görüş keçirib.

Təlimdə həlak olan 14 hərbçinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə Tokayev hadisəni bəzi hərbi rəhbərlərin ciddi səhlənkarlığı və vəzifələrini lazımi qaydada yerinə yetirməməsinin nəticəsi kimi qiymətləndirib.

Tokayev təlim zamanı hərbçilərin, xüsusilə dəniz tipli xilasedici jiletlərlə lazımi şəkildə təchiz edilmədiyinə diqqət çəkib.

Prezidentin qərarı doğrultusunda Müdafiə Nazirliyində vəziyyətin hərtərəfli araşdırılmasına başlanıldığını bildirən Tokayev yoxlamanın hərbi xidmətin təşkili, ordunun təchizat vəziyyəti, eləcə də maddi və maliyyə resurslarından istifadəsini əhatə edəcəyini qeyd edib.

Tokayev orduda hərtərəfli hərbi islahatların aparılmasının zəruri olduğunu bildirib.

Komandanlıq sisteminin beynəlxalq təcrübə əsasında yenidən təşkil edilməsinin vacibliyini bildirən Tokayev ordunun rəqəmsal transformasiya prosesinə keçirilməsi barədə tapşırıq verib.

Tokayev mümkün olan sahələrdə insan amilinin texnologiya ilə əvəz edilməli olduğunu deyərək orduda “nümayiş məqsədli” manevrlərə ehtiyac olmadığını bildirib.

Prezident Tokayev Təhlükəsizlik Şurasının Katibliyinə və Müdafiə Nazirliyinə 10 gün ərzində Hərbi İslahat Planı hazırlamaq tapşırığı verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu