Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib



Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. 

AFN.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet ikitərəfli münasibətlərin və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib: Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi, bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.

Eyni zamanda, AQEM sammitində iştirak etmək üçün mənim dəvətimi qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu sammit tezliklə keçiriləcək. İlk dəfədir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir. Bildiyiniz kimi, sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətinin aydın təzahürü hesab edirik. Ümid edirəm ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var.

Cənab Baş nazir, bir daha xoş gəlmisiniz. Çox şadam ki, bizi böyük nümayəndə heyəti ilə ziyarət edirsiniz. Bütün qonaqlarımıza Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Əminəm ki, səfər dostluğumuzu və əməkdaşlığımızı gücləndirəcək yaxşı nəticələrə gətirib çıxaracaq.

Baş nazir Hun Manet çıxışında Prezident İlham Əliyevə AQEM sammitində iştirak etmək və rəsmi səfər üçün dəvətinə görə bir daha təşəkkürünü bildirib. O, Azərbaycanın gözəl ölkəsini ziyarət etmək imkanına görə şad olduğunu və həmin vaxta qədər özünə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Hun Manet qeyd edib ki, bir qədər əvvəl müzakirə etdikləri kimi, otuz ildən də artıq bir müddət əvvəl əsası qoyulmuş qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlar mövcuddur.

Baş nazir fürsətdən istifadə edərək Kamboca Kralı Norodom Sihamoninin və Kambocanın sabiq Baş naziri Hun Senin salamlarını Prezident İlham Əliyevə çatdırmaq istədiyini bildirib. O, müzakirələri, o cümlədən ölkələrin birgə əməkdaşlığı genişləndirmək üçün atacağı addımlarla bağlı müzakirələri davam etdirməyi səbirsizliklə gözlədiyini deyib.

Prezident İlham Əliyev isə təşəkkürünü bildirərək öz salamlarını Əlahəzrət Kral Norodom Sihamoniyə və on iki il bundan əvvəl bu binada görüşdüyü sabiq Baş nazirə, Senatın sədrinə çatdırmağı xahiş edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu