Kreml: Aİ-nin sanksiyaları ABŞ-la yanacaq razılaşmasına mane ola bilər



Kreml Rusiyaya qarşı Avropa İttifaqının (Aİ) tətbiq edə biləcəyi yeni sanksiyaların Moskva ilə Vaşinqton arasında dizel yanacağının satışı ilə bağlı razılaşmanın həyata keçirilməsinə mane ola biləcəyini açıqlayıb. 

AFN.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bu barədə Moskvada jurnalistlərin gündəmdəki məsələlərlə bağlı suallarını cavablandırarkən danışıb.

ABŞ-ın “The Washington Post” qəzetinin Vaşinqton və Avropa ölkələrinin Ukraynada cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını da nəzərdə tutan sülh planını müzakirə etməsi barədə yaydığı xəbərə münasibət bildirən Peskov bu məsələ ilə bağlı məlumatlarının olmadığını deyib.

ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəldikləri ilə bağlı açıqlaması xatırladılan Peskov əvvəlki bəyanatlarına əlavə edəcəyi heç nəyin olmadığını vurğulayıb. O, bu istiqamətdə təmasların davam etdiyini bildirib.

Trampın sözügedən razılaşma ilə bağlı niyə qəti ifadələr işlətməsi barədə suala cavabında Peskov bu sualın ABŞ prezidentinə ünvanlanmasını tövsiyə edib.

Aİ də Rusiya nefti və neft məhsullarının fəal alıcısıdır

Aİ-nin ABŞ-ın Rusiya dizel yanacağının ixracına icazə verməsindən narazılığı və Rusiyanın enerji resurslarına qarşı yeni sanksiyaların hazırlanması barədə suala cavab verən Peskov Avropanın mümkün sanksiyalarının Rusiya ilə ABŞ arasında əldə olunmuş razılaşmaların icrasına mane ola biləcəyini qeyd edib.

Peskov bildirib ki, Aİ-nin sanksiyalarının maneə yarada biləcəyi şübhəsizdir. O, ABŞ-ın maliyyə naziri Skott Bessentin də ifadə etdiyi kimi, Avropanın ikili standartları məsələsinin son günlər dünya mediasında geniş müzakirə olunduğunu söyləyib.

Avropa ölkələrinin də digər dövlətlər kimi Rusiya neftinin və neft məhsullarının fəal alıcıları olduğuna diqqət çəkən Peskov Rusiyanın dünya bazarlarına rəqabətqabiliyyətli məhsullar təqdim etdiyini və bunu davam etdirəcəyini bildirib.

ABŞ-ın Rusiya dizel yanacağının ixracına icazə verməsi ilə Moskvanın Ukrayna ilə danışıqlardakı mövqeyi arasında birbaşa əlaqə qurmağın mümkün olmadığını deyən Peskov Rusiya ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın qarşılıqlı fayda verdiyini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu