Ömürlük məhkum Prezidentə müraciət etdi: 17 ildir günahsız yerə həbsdəyəm



Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qaradağ rayonu, Umbakı qəsəbəsində yerləşən Qarışıq rejimli Penitensiar Kompleksdə cəza çəkən Gəncə şəhər sakini, iş adamı Şöhrət Quliyev Prezident İlham Əliyevə müraciət edib.

AFN.az xəbər verir ki, vəkili H. Hacıbalayevin Kontekst.az-a təqdim etdiyi müraciətdə Şöhrət Quliyev hökmün qanunsuz və əsassız olduğunu iddia edərək azadlığa buraxılması üçün tədbir görülməsini xahiş edib.

Şöhrət Quliyev qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli, 1(101)-647/2010 saylı hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

O, müraciətində bildirib ki, 26 may 2009-cu ildə törətmədiyini iddia etdiyi cinayət əməllərinə görə həbs olunub və 17 ildən çoxdur cəza çəkir. Quliyev iddia edir ki, qanunsuz həbs olunması və ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı Prezidentə ünvanladığı çoxsaylı şikayətlər onun məhkum edilməsində maraqlı olan qüvvələr tərəfindən bilərəkdən çatdırılmır. Onun sözlərinə görə, şikayətlərində göstərdiyi faktlar obyektiv və hərtərəfli araşdırılsa, həmin şəxslər qanun qarşısında cavab verməli olacaqlar.

Şöhrət Quliyev ömürlük həbs cəzasına məhkum edilməsinin səbəbi kimi Gəncədə həbs olunduqdan sonra mütəşəkkil dəstə yaratması və guya səkkiz nəfərin öldürülməsində iştirak etməsi barədə verilən məlumatları göstərib.

O, müraciətində iddia edib ki, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı iki nəfərin öldürülməsində iştirakının olmadığı müəyyən edilib. Quliyevin bildirdiyinə görə, Gəncə sakini Kamal Ələkbərovu Anar Tahir oğlu Həsənov, Bakı sakini Əhməd İbrahimovu isə İlham Fərman oğlu Şabanov öldürüb.

Şöhrət Quliyev qeyd edib ki, onun iddiasına əsasən, istintaq və məhkəmə proseslərində sözügedən bandanın mövcud olmadığı və özünün həmin şəxslərlə əlaqəsinin olmadığı da müəyyən edilib. Müraciətdə bildirilir ki, İlham Şabanov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən və məhkəməyə təqdim etdiyi yazılı ərizələrində Şöhrət Quliyevi tanımadığını, Kamal Ələkbərovun qətlini özünün törətdiyini və sifarişin Gəncə sakini Elmar adlı şəxsdən gəldiyini bildirib. Quliyevin sözlərinə görə, Şabanov Bakı Apellyasiya Məhkəməsində də eyni ifadələri verib.

Müraciətdə qeyd olunur ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxs Anar Həsənov da məhkəmələrdə Şöhrət Quliyevi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını bildirib. Quliyevin təqdim etdiyi məlumata görə, Həsənov Kamal Ələkbərov və Əhməd İbrahimovun öldürülməsinin sifarişini Elmar adlı şəxsin verdiyini, Quliyevin isə bu cinayətlərlə əlaqəsinin və hadisələrdən xəbərinin olmadığını deyib.

Şöhrət Quliyev cinayət işi üzrə toplanmış fakt və sübutların onun həmin qətllərlə əlaqəsinin olmadığını təsdiqlədiyini iddia edib. O, həbsinin xüsusi sifariş əsasında həyata keçirildiyini və məhkəmələrin buna görə onu ən ağır cəzaya məhkum etdiyini bildirib.

Quliyev müraciətində əlavə edib ki, onun sözlərinə görə, sonradan müəyyən edilmiş hallar barədə aidiyyəti şəxslər Prezidentə məlumat verməkdən çəkiniblər. O, heç kimi öldürmədiyini və heç kimin öldürülməsini sifariş etmədiyini vurğulayaraq, qətllərin icraçılarının və sifarişçisinin məlum olduğunu iddia edib.

Şöhrət Quliyev müraciətində səhhətində ciddi problemlərin yarandığını da bildirib. O qeyd edib ki, 1957-ci ildə anadan olub, gələn il 70 yaşı tamam olacaq və 1988-ci ildən ikinci qrup əlildir. Quliyevin sözlərinə görə, həbs olunduqdan sonra görmə qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləyib və şəkərli diabet xəstəliyinə tutulub. O, ailə üzvlərinin də səhhətində ciddi problemlərin yarandığını bildirib.

Müraciətdə qeyd olunur ki, Şöhrət Quliyev 1973-cü ildən ticarətlə məşğul olub, 1990-cı ildən 2009-cu ildə həbs edilənədək Çin Xalq Respublikasından Azərbaycana qab-qacaq gətirərək satıb. O, sadə iş adamı olduğunu və cinayət əməlləri ilə əlaqəsinin olmadığını iddia edib.

Şöhrət Quliyev Prezident İlham Əliyevin ədalətinə inandığını bildirərək, müraciətlərinin dövlət başçısına çatacağı təqdirdə ona qarşı yol verildiyini iddia etdiyi qanunsuzluqların aradan qaldırılacağına ümid etdiyini qeyd edib. O, Prezidentdən qanunsuz həbsdən və məhkumluqdan azad olunması üçün tədbirlər görülməsini xahiş edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu