Əvəz Qocayevin keçmiş kürəkəni həbs edilib
Bakıda sabiq məmurun keçmiş kürəkəni Rahib Hüseynov vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunur.
AFN.az Oxu.az-a istinadən xəbər verir ki, o, müxtəlif bəhanələrlə vətəndaşların etibarından sui-istifadə edərək ümumilikdə 317 min manat vəsaiti ələ keçirməkdə təqsirləndirilir.
İttihama görə, Rahib Hüseynov bəzi şəxslərə ev və avtomobil alqı-satqısı, digər zərərçəkmişlərə isə dəmir yolu xətlərinin çəkilməsi üçün nəzərdə tutulan materialların Azərbaycana gətirilməsi və satışı ilə bağlı şəriklik təklif edib. O, bu vədlərlə 10 nəfərin ümumilikdə 317 min manatını ələ keçirməkdə günahlandırılır. Vətəndaşların şikayətlərindən sonra polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində R. Hüseynov saxlanılıb.
Məlumata görə, şikayət əsasında R. Hüseynov bir müddət istintaqdan gizlənə bilib. Şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər. Bundan sonra polis əməkdaşları xüsusi əməliyyat keçirərək onu saxlayıblar.
R. Hüseynov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci — külli miqdarda ziyan vurulmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Rahib Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədr müavini Əvəz Qocayevin kürəkəni olub. R. Hüseynov həbs edildikdən sonra Ə. Qocayevin qızı ondan rəsmi qaydada boşanıb.
