BDU-da qədim insan qalıqlarının paleogenetik analizinə dair ustad dərsi keçilib


Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi arxeologiya elminin müasir tədqiqat istiqamətlərinin təbliği, innovativ elmi metodların tanıdılması və gənc tədqiqatçıların nəzəri və praktiki biliklərinin artırılması məqsədilə silsilə ustad dərslərinə start verib.

Universitetdən AFN.az-a verilən məlumata görə, ilk ustad dərsi Mərkəzin Bioarxeologiya elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə "Qədim insan qalıqlarının paleogenetik analizi: bioloji qohumluq münasibətlərinin müəyyən edilməsi" mövzusuna həsr olunub.

Laboratoriyasının elmi işçisi Məhruzə Yusifli qədim insan qalıqlarının paleogenetik tədqiqi, qədim DNT-nin əldə olunması və analizi, genetik məlumatlar əsasında bioloji qohumluq münasibətlərinin müəyyənləşdirilməsində tətbiq olunan müasir elmi metodlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, paleogenetik analizlər qədim əhalinin mənşəyi, genetik əlaqələri, miqrasiya prosesləri və keçmiş icmaların sosial quruluşunun öyrənilməsində mühüm rol oynayır. Bu metodların arxeoloji tədqiqatlara inteqrasiyası insan qalıqlarından əldə edilən məlumatların daha dəqiq elmi şərhinə və qədim cəmiyyətlərin demoqrafik xüsusiyyətlərinin müəyyənləşdirilməsinə geniş imkanlar yaradır.

Ustad dərsində BDU ilə Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən paleogenetik tədqiqatlardan söz açılıb. Qeyd olunub ki, müasir molekulyar-genetik metodların arxeologiyada tətbiqi ənənəvi arxeoloji və antropoloji tədqiqatları tamamlayaraq keçmiş cəmiyyətlərin bioloji və sosial tarixinin daha əhatəli şəkildə öyrənilməsinə şərait yaradır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu