Dünya qlobal istiləşmənin kritik həddini yaxın illərdə keçə bilər
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, dünya yaxın bir neçə il ərzində Paris İqlim Sazişində qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün müəyyən edilən hədəfi qaçılmaz olaraq aşacaq.
AFN.az xəbər verir ki, BMT-nin dərc etdiyi iqlim hesabatında temperatur artımının bu həddi keçəcəyi dövrü mümkün qədər qısa saxlamaq və zamanla qlobal orta temperaturu yenidən azaltmaq əsas məqsəd kimi göstərilir.
Hesabata əsasən, bunun üçün istixana qazı emissiyalarının 2030-cu ilədək 18 faiz, 2035-ci ilədək 45 faiz və 2040-cı ilədək 69 faiz azaldılması tələb olunur. Bundan əlavə, 2035-ci ilədək bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı gücünün üç dəfə artırılması və 2040-cı ilədək kömürdən istifadəyə son qoyulması nəzərdə tutulur.
Lakin ölkələrin istixana qazı emissiyalarını azaltmaqla bağlı hazırkı öhdəliklərini yerinə yetirməsi emissiyaların 2030-cu ilədək cəmi 5-8 faiz azalmasına imkan verəcək. Bu ssenari üzrə qlobal istiləşmənin təxminən 2,6 dərəcəyədək yüksələcəyi gözlənilir.
Hesabatda vurğulanır ki, temperaturun 1,5 dərəcədən yuxarı hər əlavə artımı buz təbəqələri, daimi donmuş torpaqlarda toplanan karbon, okean dövranı və mərcan sistemləri üçün geri dönməz dəyişiklik riskini artırır.
Hesabata görə, karbon qazı emissiyalarının hazırkı səviyyədə qaldığı hər beşillik dövr temperaturun çatacağı ən yüksək həddi təxminən 0,1 dərəcə artırır.
İqlim üzrə alim Keyt Marvel 1,5 dərəcə həddinin aşılmasının kifayət qədər sürətlə irəliləmədiyimizin göstəricisi olduğunu, lakin bunun dünyanın ən pis nəticələrlə üzləşəcəyi demək olmadığını bildirib. O, istixana qazı emissiyalarının mümkün qədər sürətlə azaldılmasının vacibliyini vurğulayıb.
