Aİ Booking.com-la bağlı rəsmi araşdırmaya başlayıb
Avropa İttifaqı (Aİ) onlayn səyahət və yerləşmə rezervasiyası platforması Booking.com-un istifadəçiləri dələduzluq və kibercinayətlərdən kifayət qədər qorumadığı iddiası ilə bağlı rəsmi araşdırmaya başlayıb.
AFN.az xəbər verir ki, Avropa Komissiyası platformanın Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində üzərinə düşən öhdəlikləri pozub-pozmadığını araşdıracaq.
Komissiyanın açıqlamasında bildirilib ki, araşdırma platformadakı saxta elanlar, fişinq dələduzluğu və reklam şəffaflığı kimi mühüm sahələri əhatə edəcək.
Açıqlamada Avropa Komissiyasının araşdırma çərçivəsində diqqət yetirəcəyi əsas iddialar da sadalanıb.
Buna əsasən, əslində mövcud olmayan yerləşmə obyektlərinin sistemə əlavə edilməsinin və saxta hesablar vasitəsilə dələduzluğun qarşısının alınması üçün Booking.com-un gördüyü tədbirlərin kifayət qədər effektiv olub-olmadığı yoxlanılacaq. Rezervasiya və qonaq məlumatlarının paylaşılması zamanı yaranan kiberrisklər də araşdırılacaq.
Platformanın daxili mesajlaşma sisteminin şəxsi məlumatların ələ keçirilməsinin və saxta ödəniş tələblərinin göndərilməsinin qarşısını almaq baxımından nə dərəcədə effektiv olduğu qiymətləndiriləcək.
Həmçinin daha yüksək komissiya ödəməklə platformada daha yuxarı sıralara çıxarılan elanların istifadəçilər üçün açıq şəkildə reklam kimi işarələnib-işarələnmədiyi yoxlanılacaq.
Açıqlamada Booking.com-un DSA çərçivəsində çox böyük onlayn platforma kimi təsnif edildiyi xatırladılıb. Şirkətin sistemli riskləri azaltmaq və istehlakçıları qorumaqla bağlı hüquqi məsuliyyətlərinə diqqət çəkilib.
Böyük rəqəmsal platformaları qanunsuz və zərərli məzmunla qətiyyətlə mübarizə aparmağa məcbur edən DSA qaydalarına əsasən, pozuntu aşkar ediləcəyi təqdirdə Booking.com qlobal illik dövriyyəsinin 6 faizinə qədər ağır cərimə ilə üzləşə bilər.
Avropa Komissiyası prioritet hesab edilən bu ətraflı araşdırma çərçivəsində məlumat sorğuları, müsahibələr və yerində yoxlamalar vasitəsilə sübutlar toplamağı davam etdirəcək.
Bu prosesdə Booking.com-dan öhdəliklər götürməsi tələb oluna, həmçinin müvəqqəti tədbirlər barədə qərarlar qəbul edilə bilər.
