Yanvarın 21-i iş günü olacaqmı?
Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağı sualını doğurub.
Trend-in məlumatına görə, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.
Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Buna görə də yanvarın 20-nin həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq, növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 21-si iş günü hesab ediləcək.
Qeyd edək ki, bu il 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilməyəcək.
Bununla yanaşı, bu il 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınacaq.