BNA: "Sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcılar mövcud çatışmazlıqları aradan qaldırmalı..."
Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının birbaşa diqqət və qayğısı sayəsində son illər sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz və rahat istifadəsinin təşkili məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, Nəqliyyat Mübadilə Mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair hazırlanan tələblər də bu məqsədə xidmət edir. Eyni zamanda, ölkə Prezidentinin vətəndaşlara layiqli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi işinə verdiyi önəmin növbəti təzahürüdür.
Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq edilən tələblər mövcud normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlanıb və sərnişindaşımanın təşkilinə dair mühüm əhəmiyyət kəsb edir. Son 10 ildə bu məzmunda ilk belə sənəd olan qərarla təsdiq edilən tələblər nəqliyyat infrastrukturunda texniki yeniləşmələrə üstünlük verilməklə dünya standartlarına uyğun təkmilləşdirilməni və dinamik inkişafa nail olunmağı özündə əks etdirir. Tələblərlə bağlı təkliflər sərnişin daşınmasının təşkilində inkişaf etmiş ölkələrin təcrübəsi təhlil edilərək və yerli amillər nəzərə alınmaqla hazırlanıb. Tələblərin icrası sərnişindaşıma və yol hərəkətinin təşkilində keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelinin formalaşdırılmasına imkan verəcək.
Hüquqi qüvvəyə minən tələblərin icrası üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün zəruri addımlar atılır. Eyni zamanda bildirilir ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobili ilə sərnişindaşıma sahəsində mövcud vəziyyət nəzərə alınmaqla müəyyən müddət ərzində qərarla təsdiq edilən tələblər tədricən icra edilməlidir. Belə ki, sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcılar mövcud çatışmazlıqları aradan qaldırmalı və fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalıdır. Bu isə dövlətin bu sahədə çalışan hüquqi və fiziki şəxslərə münasibətdə bir daha liberal mövqedən yanaşmasının göstəricisidir. Onu da qeyd edək ki, ötən üç il ərzində daşıyıcılara sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin artırılması ilə bağlı mütəmadi olaraq yazılı və şifahi xəbərdarlıqlar edilib.
Bir daha vurğulamaq istərdik ki, bu tələblər dövlətin şəhər nəqliyyatının müasir informasiya texnologiyalarının imkanlarının tətbiqi ilə dayanıqlı inkişafına xidmət edəcəkdir.