Günay Mehdizadə: “İnanıram ki, Vətənimə və xalqıma Azərbaycan mədəniyyəti adına daha böyük uğurlar bəxş edə biləcəm”
Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Günay Mehdizadə yaradıcılığının 20 illiyi münasibətilə yeni layihəsini təqdim edib.
AFN-in xəbərinə görə, bu məqsədlə təşkil edilən tədbirdə rəssam bir çox məqamları açıqlayıb. Əl işlərini təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də uğurla nümayiş etdirən Günay Mehdizadə vətəninin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği üçün bir neçə layihə gerçəkləşdirdiyini dedi. Rəsm əsərlərinin beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları və bu sahənin təmsilçiləri tərəfindən maraqla qarşılanmasının onun üçün böyük sevinc olduğunu bildirdi: “İnanıram ki, Azərbaycan mədəniyyəti adına daha böyük uğurları Vətənimə və xalqıma bəxş edə biləcəyəm. Burada yubiley tədbirindən ziyadə yığışmağımızın məqsədi odur ki, aprelin 14-də Azərbaycanın nüfuzlu şəxslərdən ibarət nümayəndə heyəti Türkiyədə keçiriləcək beynəlxalq teatr müsabiqəsində iştirak edəcək. Azərbaycanı tərtibatçı-rəssam qismində mən təmsil edəcəm. Bu, məktəblərarası beynəlxalq teatr festivalı olacaq. Biz bu festivala Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının şagirdləri ilə qatılacağıq”.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri Hicran Sadıqzadə Günay Mehdizadənin yaradıcılığından, onun müasir Azərbaycan rəssamlıq sənətində özünəməxsus yerindən söz açdı: “Günay Mehdizadə müasir rəssamlar içərisində özünəməxsus üslubu, dəsti-xətti olan, geniş yaradıcılıq imkanlarına malik, çox istedadlı bir rəssamdır. Onun Rusiyada, Almaniyada, İspaniyada, dəfələrlə Türkiyədə fərdi sərgiləri yüksək şəkildə nümayiş etdirilib. Bir azərbaycanlı olaraq, bu, bizim üçün çox böyük fəxr hissidir ki, Günay xanımın 2014-cü ildə hazırladığı Mustafa Kamal Atatürkün portreti hazırda Ankarada, onun ev muzeyində sərgilənir, eyni zamanda, Türkiyə Cümhuriyyətinin milli sərvəti elan olunub. Ən sevindirici hallardan biri budur ki, Günay Mehdizadə çoxşaxəli yaradıcılıq diapazonuna malik rəssamdır. O, həm modern, avanqard, həm klassik, həm portret, həm də miniatur janrında rəsmlər çəkir. Bu o deməkdir ki, onun xüsusi baxışı, xüsusi tərzi var. Onun bir sıra əsərləri Türkiyənin ayrı-ayrı muzeylərində sərgilənir. Onun “Xocalı” əsəri olduqca dəyərlidir. O, xalqımızın bu faciəsinə özünəməxsus tərzdə yanaşıb. Əsərdə sanki bizim qələbəmiz öz əksini tapır. Personajları çox olan bu əsərdə Azərbaycan bayrağı yüksəkliyə sancılıb. Bu o deməkdir ki, biz gec-tez o bayrağı o torpaqlara sancacağıq. Rəssam özü buna inanır və tamaşaçısını da inandırır. Günay Mehdizadənin 2012-ci ildə “Tarix və şəxsiyyət” kitabına daxil edilən “Novruz” əsəri də xalqımızın milli bayramına bir rəssamdan əlavə, bir xanımın, vətənini və onun keçmişini, adət-ənənələrini sevən, onları öz fırçasında yaşadan vətəndaşın baxışıdır. Orada Azərbaycan ab-havasını hiss etdirən rəng çalarları var. Bu, heç də təsadüfi deyil ki, Günay Mehdizadə həm Azərbaycanın, həm də Türkiyənin rəssamı elan olunub. Biz inanırıq ki, vaxt gələcək o, bütün dünyanı öz fırçasıyla fəth edəcək”.
O qeyd edib ki, Günay Mehdizadənin İzmirdə “Azərbaycan qardaşlıq və iş birliyi dərnəyi”nin fəxri üzvü seçilməsi, onun sənət uğurları ilə yanaşı, həm də son illərdə Türkiyə və Azərbaycan arasında “mənəvi körpü” rolunu oynamasının dəyərləndirilməsi kimi qəbul olunur. Onun Türkiyənin qurucusu Atatürkə həsr etdiyi portretin bu gün görkəmli dövlət xadiminin Ankaradakı ev-muzeyində sərgilənən yeganə rəssamlıq əsəri olması da ilk növbədə azərbaycanlı yaradıcının istedadına olan rəğbətin ifadəsidir.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi isə bildirib ki, Günay Mehdizadənin əsərləri fərqli ölkələrdəki sərgilərdə özəlliyi ilə dünyaya açıldı və bu da böyük diqqət çəkdi. Çünki ortada universal əsərlər var. Mövzular gerçək tərzi ilə orijinaldır. Bu əsərlərdə miniatürdən gələn rəng, xətlər, xalq rəsmi texnikası, həqiqi tərz müşahidə olunur. Onun sözlərinə görə, Günay Mehdizadə öz üslubu, yaradıcılıq potensialı və müraciət etdiyi mövzuları ilə təkcə Azərbaycanda deyil, Türkiyədə də çox sevilir: “Günay xanım həqiqətən də modern Azərbaycan rəssamlığında özünəməxsus çox incə, zərif milliliyi və universal tərzi olan rəssamdır. Həm texniki, həm də tematik baxımdan rəsmləri cəlbedicidir. Onun avanqard, modern, klassik və milli əsərləri diqqətdən kənarda qala bilməz. Bu çərçivədə bunlar hələ yeni-yeni gün işığına çıxır. Onun bu üslubu çox dərin və peşəkar mənbədən qidalanır. Günay xanımın müəllimi Azərbaycan rəssamlıq sənətində öz adını tarixə yazdıran Bəyimxanım Hacıyevanın tərzini onun əsərlərində görmək mümkündür. Onlarla yanaşı, Günay xanımın əsas müəllimlərindən biri də Sara Oğuzdur. Ondan gələn sufi temalar da var ki, bu, onun əsərlərinə başqa bir hava verir. Ona görə də Günay xanımın əsərlərinə baxanda həm Qərbin, həm də Şərqin cizgilərini görmək mümkündür. Günay xanım müasir fikirləri olan bir sənətçidir, buna görə də ondan mədəniyyət sahəsində daha böyük, yaradıcı işlər gözləyirik”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev qeyd edib ki, Günay Mehdizadənin yaradıcılıq bioqrafiyasında önəmli hadisələrdən biri rəssamın “Atatürkün portreti” əsəri Ankarada fəaliyyət göstərən “Atatürk evi” muzeyinin daimi ekspozisiyasında nümayiş üçün qəbul olunmasıdır: “Günay Mehdizadənin “Atatürkün portreti” əsəri ekspozisiyada yeni və ilk bədii nümunədir. Kətan üzərində yağlı boya ilə 2014-cü ildə çəkilmiş portret 80x60 sm ölçüsündədir. Kompozisiyanı Atatürkün obrazı və onun adı ilə bağlı müxtəlif tikililərin təsvirləri təşkil edir. Rəngli portret ağ-qara cizgilərlə çəkilmiş memarlıq abidələrinin fonunda cəlbedici və təsirli baxılır. Əsərdə realizm ənənələrinin geniş bədii ümumiləşdirmələrlə qovşağı çox təsirli və duyğulandırıcıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Günay Mehdizadə yaradıcılığı maraqla izlənən gənclərdən biridir. Rəssamın müxtəlif sərgilərdə nümayiş olunan əsərlərinə tamaşaçı marağı da bunu təsdiqləyir. 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində iştirakı və 2014-cü ildə Konyada (Türkiyə) təşkil olunan beynəlxalq simpoziuma dəvət olunması onun yaradıcılığına olan marağın ifadəsidir”.
O deyib ki, mövzu seçimindən tutmuş onların bədii şərhinə kimi milli dəyərlərimizə tapındığını sərgiləməkdə davam edən Günay Mehdizadə müxtəlif ovqatlı bu əsərlərində -yığcam detallardan təşkil olunmuş kompozisiyalarında onu koloritli adət-ənənələrimizin, zəngin etnoqrafiyamızın və geyim mədəniyyətimizin bilicisi kimi görürük. İstedadlı fırça ustasının rənglərin harmoniyasını uğurla ovqat ifadəsinə yönəldə bilməsini də onun qədim ənənələrə yaradıcı münasibətinin nəticəsi saymaq olar.
“YARAT” Müasir İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova isə vurğulayıb ki, Günay Mehdizadənin əsərlərində Azərbaycan koloritləri, mentalitetini açıq-aydın hiss olunur: “Qədim miniatürlərlə anım yaradacaq əsərlər yaratmaq hər bir rəssamdan milli bədii-fəlsəfi dəyərlərimizə, Şərq və müsəlman mədəniyyətinə dərin bələdçilik tələb edir. İndiki durumda Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərində həmin əski ənənələrə yaxınlıq, onların müasir təfsirinə meyl duyulur”.